Eşitmə cihazı ilə yeni tanış olan insanlar üçün bu cihazlara alışmaq müəyyən bir vaxt tələb edir. Alışma müddəti eşitmə zəifliyinin növü və dərəcəsi, insanın cihazdan istifadə etmə istəyi və sosial vərdişləri kimi amillərdən asılıdır. Araşdırmalar göstərir ki, bu proses təxminən 10-30 gün çəkə bilər. Cihazdan istifadə etməyə başladıqda bir çox səs yüksək və narahat edici görünə bilər. Uzun müddət zəif eşidən bir insanın ətraf mühit səslərinə həssaslığı azalır. Eşitmə cihazı vasitəsilə bu səsləri yenidən eşitdikdə və hətta hiss etməyə başladıqda, qulaqlarınız bu səslərə alışmadığı üçün ilk vaxtlar narahatlıq yarana bilər. Bu mərhələdə cihazın mütəxəssislər tərəfindən düzgün tənzimlənməsi və mütəmadi izlənməsi, həmçinin istifadəçinin cihazı davamlı istifadə etməsi adaptasiya müddətini qısaldacaq və narahatlıqlar tez bir zamanda aradan qalxacaqdır.
İlk Günlərdə:
• İlk 10-15 gün ərzində eşitmə cihazınızı əsasən ev və iş mühitinizdə bir neçə saat istifadə edin. (Gündə 2-4 saatla başlamaq olar.)
Bu dövrdə yorğunluq və baş ağrısı hiss etməyiniz normaldır. Belə hallarda cihazı çıxarıb dincəlmək tövsiyə olunur. Özünüzü yaxşı hiss etdikdə cihazı yenidən taxın. Bu üsulla, gündəlik istifadə müddətini tədricən artıraraq adaptasiya prosesinizi tez bir zamanda tamamlaya bilərsiniz. Bir müddət sonra səhər oyandığınız andan yatana qədər cihazınızı fasiləsiz istifadə edə biləcəksiniz.
• İlk günlərdə öz səsiniz sizə fərqli, yüksək və narahat edici gələ bilər. Buna uyğunlaşmaq və adaptasiya prosesini sürətləndirmək üçün səslə kitab, qəzet və ya jurnal oxumaq faydalı ola bilər. Adaptasiya müddəti başa çatdıqdan sonra da öz səsiniz narahatlıq yaradırsa, mütəxəssislərə müraciət etməlisiniz.
• Sakit mühitdə fərdi ünsiyyət qurmağa çalışın, beləliklə, cihazdan daha çox fayda əldə etdiyinizi hiss edəcək və daha tez alışacaqsınız.
Daha Sonrakı Mərhələdə:
• Qrup tədbirlərində iştirak edin. Əvvəlcə səsinə alışdığınız insanlarla birlikdə olmaq daha rahat olacaq. Eşitmədiyiniz və ya başa düşmədiyiniz hissələri təkrar etmələrini xahiş etməkdən çəkinməyin.
• İzdihamlı mühitlərdə, xüsusilə bir neçə nəfərin eyni anda danışdığı yerlərdə dostunuzla fərdi ünsiyyət qurmağa çalışın. Qarşı tərəfi dinləyərkən mimikaları izləmək faydalı olacaq. İlk vaxtlarda ətraf səslər və qarşınızdakı şəxsin səsi bir-birinə qarışa bilər. Xüsusilə yeni istifadəçilər üçün bu vəziyyət səsləri ayırd etməyi çətinləşdirə bilər.
• Cihazdan mütəmadi istifadə etdikcə səsləri ayırd etmə qabiliyyətiniz yaxşılaşacaqdır.
Eşitmə cihazı mənə necə kömək edir?
✅ Eşitmə cihazları səs-küylü mühitlərdə danışılanları daha yaxşı başa düşməyə kömək edir.
✅ Eşitmə cihazları dinləmə və nitqi anlama bacarıqlarını inkişaf etdirə bilər.
✅ Eşitmə zəifliyi olan insanın sosial həyatını aktiv saxlamasına kömək edir.
✅ Qısacası, eşitmə cihazı sizi həyata bağlayır!
Eşitmə cihazından nə gözləmək olar?
Eşitmə cihazından istifadə səbir və öyrənmə prosesi tələb edir. Zamanla zəifləyən və eşitməyə alışmadığınız səslər həyatınıza yenidən daxil olacaq. Bu mərhələdə səsləri yenidən eşitməyi öyrənmək və alışmadığınız səslərə uyğunlaşmağa çalışmaq vacibdir.
Eşitmə cihazları eşitmə qabiliyyətini qorumağa və geriləməsinin qarşısını almağa kömək edir.
Adaptasiya prosesində istifadəçi cihazla özünə vaxt tanımalı, bu yeni səslərə öyrəşməyə çalışmalı və cihazı həyatının davamlı bir hissəsi kimi qəbul etməlidir.
Doktor Aygün Əliyeva