Seçici səslərə həssaslıq sindromu” adlandırılan mizofoniya (misofoniya) – ətrafımızdakı insanların çıxardığı ağız səsləri, burun səsləri və ya barmaqlarla çıxarılan səslər kimi spesifik səslərə, eləcə də heyvanların çıxardığı səslərə, qatar və ya təyyarə səsi, uzaqdakı mühərrik səsləri kimi səslərə qarşı güclü emosional reaksiyalarla xarakterizə olunan bir narahatlıqdır. Dünyada hər 100 nəfərdən 20-də rast gəlinən mizofoniyanın əsasən qadınlarda daha çox müşahidə olunduğu və ilk dəfə yeniyetməlik öncəsi və ya gənclik illərində ortaya çıxdığı müəyyən edilmişdir.
Mizofoniya ilk dəfə 2001-ci ildə alim Jastreboff tərəfindən təsvir edilmişdir. Misophonia (mizofoniya) termini yunan dilindən götürülüb və “səs nifrəti” mənasını verir.
Mizofoniyanı tətikləyən səslər
Mizofoniyanı tətikləyən səslər insandan insana böyük fərqlər göstərə bilər. Bu tətikləyicilər zamanla dəyişə və ya arta bilər. Bu həddindən artıq həssaslıq, tətikləyici səslərə qarşı “döyüş və ya qaç” reaksiyasına səbəb olur. Məsələn, sizi narahat edən bir səsə qarşı həddindən artıq güclü bir reaksiya göstərə və aşağıdakı davranışları sərgiləyə bilərsiniz:
• Dərhal olduğunuz mühiti tərk etmək
• Əllərinizi qulaqlarınıza basmaq
• “Bu səsi çıxarmağı dayandır!” deyə qışqırmaq
Bəzi tətikləyici səslər insanı o qədər narahat edə bilər ki, nəticədə müəyyən vəziyyətlərdən və insanlardan qaçmağa başlayarsınız. Əgər yemək səsləri sizdə bu reaksiyanı doğurursa, yeməklərinizi tək yeməyə üstünlük verə, restoran, kafe və ya insanların yemək yediyi ictimai yerlərdən uzaq qala bilərsiniz. Bu vəziyyət dostlarınızdan və ailənizdən uzaqlaşmanıza, hətta iş və ya məktəb həyatınızı mənfi təsir edə bilər. Qısacası, mizofoniya gündəlik həyatın axarını ciddi şəkildə poza bilər. Zamanla sosial həyatdan uzaqlaşaraq təkliyə çəkilə bilərsiniz.
Mizofoniya başlanğıcda yalnız müəyyən bir səsə reaksiya ilə ortaya çıxsa da, sonradan digər səslərə qarşı da oxşar reaksiyalar yarana bilər. Ən çox rast gəlinən mizofoniya tətikləyiciləri insanların çıxardığı səslərdir. Bunlara aşağıdakılar daxildir:
• Çeynəmə və ya şappıldatma
• Diş fırçalama
• Höpürdətmə
• Udqunma
• Ucadan nəfəs alma
• Boğaz təmizləmə
• Saqqız çeynəmə
• Burun çəkmə
• Yazı səsi
• Qələm tıqqıldatma
• Kağız və ya parça xışıltısı
• Saat səsi
• Ayaqqabı sürtünməsi
• Unitazın sifonu
• Dırnaq tutma və ya dırnaq yonma
• Quşların cikkiltisi və ya cırcıramaların səsi
Mizofoniyanın səbəbləri və təsirləri
Mizofoniya; əzələlərdə gərginlik, bədəndə təzyiq hissi, fiziki və ya şifahi aqressiya istəyi, qəzəb, əsəbilik, nifrət, hücumkarlıq, tələyə düşmüşlük hissi, nəzarəti itirmə qorxusu, panik hissi, ürək döyüntüsünün və qan təzyiqinin artması, bədəndə və sinədə sıxılma, ikrah və aqressivlik kimi vəziyyətlərlə müşayiət oluna bilər.
Mizofoniyanın dəqiq səbəbi tam bilinməsə də, beynin həm psixoloji, həm də fiziki olaraq anormal simptomlar inkişaf etdirməsi ilə əlaqəli olduğu düşünülür. Həmçinin, obsesif-kompulsiv pozuntu (OKP), depressiya, narahatlıq pozuntuları, Tourette sindromu və tinnitus (qulaq cingiltisi) olan insanlarda daha çox rast gəlindiyi məlumdur.
Mizofoniya ilə yaşayan insanlar eyni səsləri özləri çıxardıqda adətən eyni reaksiyanı vermədiklərini müşahidə edə bilərlər. Mizofoniyası olan bəzi insanlar üçün bu səsləri təqlid etmək, onların yaratdığı narahatlığı azaltmağa kömək edə bilər.
Mizofoniyanın müalicəsi varmı?
Hazırda mizofoniya üçün xüsusi bir dərman müalicəsi yoxdur. Lakin həssas olduqları səslərə qarşı verdikləri emosional (qəzəb, nifrət) və aqressiya reaksiyalarını idarə etməyə kömək edən emosiya nəzarəti terapiyaları, davranışçı terapiya və səs terapiyası kimi üsullar istifadə olunur.
Doktor Aygün Əliyeva